Azərbaycan prezidenti İlham Əliyev yanvarın 25-də ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Seretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, Georgi Sereteli ölkəmizin ATƏT Parlament Assambleyası üçün prioritet olduğunu və Azərbaycanla əməkdaşlığın böyük əhəmiyyət daşıdığını deyib.
Georgi Sereteli ATƏT-in həyata keçirdiyi layihələrdə Azərbaycanın iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, ATƏT Parlament Assambleyasının 2014-cü ildə Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırlayıb. Azərbaycan ilə bu günə qədər əməkdaşlığın uğurla həyata keçirildiyini bildirən qonaq bu əməkdaşlığı konstruktiv və anlaşma ruhunda yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını deyib.
Dövlət başçısı ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Seretelinin ölkəmizə səfərinin məhsuldar və səmərəli olacağına ümid etdiyini bildirib.
Görüşdə Azərbaycanla ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.