ATƏT PA sədrinin müavini: "Azərbaycan Avropa üçün ən dəyərli ölkələrdən biridir

2016-01-25 2

ATƏT Parlament Assambleyasının (PA) nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət edib.

APA TV-nin xəbərinə görə, ATƏT PA sədrinin müavini Georgi Sereteli jurnalistlərə açıqlamasında deyib ki, qurumun sədri İlkka Kanervanın Azərbaycana səfərinin təxirə düşməsinin səbəbi onun səhhətində ciddi problemlərin yaranması ilə bağlıdır.

Buna baxmayaraq, Azərbaycana geniş tərkibdə nümayəndə heyəti səfər edib. Heyətdə iki sədr müavini, baş katib təmsil olunur.

Georgi Sereteli qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin uzanması, xüsusilə cəbhə xəttində son günlər baş verən gərginlik ATƏT-i olduqca narahat edir: "ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə nizamlanması ilə məşğuldur. Bizim Azərbaycanla əməkdaşlığımızda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli başlıca elementlərdən biridir. Budəfəki səfərimiz zamanı müzakirə olunacaq əsas mövzulardan biri məhz bu olacaq”.

Onun sözlərinə görə, ATƏT-in Azərbaycanla əməkdaşlığında demokratiyanın inkişafı başlıca yer tutur. ATƏT-in seçkiləri izləyən başlıca təşkilatlardan biri olduğunu deyən G.Sereteli təəssüflə bildirib ki, ötən müddətdə bununla bağlı xoşagəlməz hallar yaşanıb: “Bizim indiki səfərdə məqsədimiz bütün bunları yenidən müzakirə edib, problemi həll edib, münasibətlərin yenidən uğurla davam etməsinə təkan verməkdir”.

Bu gün Azərbaycan prezidenti ilə görüşdüklərin deyən ATƏT PA-nın sədr müavini çox pozitiv müzakirələr apardıqlarını bildirib: “Belə bir konstruktiv yanaşma oldu ki, Azərbaycan Avropa üçün ən dəyərli ölkələrdən biridir. Ümid edirik ki, hər iki tərəfin səyi nəticəsində səfərin yekunu olaraq münasibətlərin təkmilləşdirilməsinin əsasını qoyacağıq”.

Free Traffic Exchange