Lənkəranda bir ailə qəzaya düşdü: 3 yaralı

2016-02-02 3

Lənkəranda 2 yaşlı uşaq da daxil olmaqla, bir ailənin üç üzvünün yaralanması ilə nəticələn ağır yol qəzası baş verib.

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə fevralın 1-də saat 19.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Mercedes” markalı minik avtomobili rayonun Göyşaban kənd sakini Ramin Abdullazadənin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib. "VAZ-2106"-nın sürücüsü ilə birlikdə onun həyat yoldaşı, 35 yaşlı Mirzadə Kazım qızı Abdullayeva və onların 2 yaşlı oğlu Yusif Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Qadının hamilə olduğu bildirilir. Xəstəxanada ana və uşağa müvafiq tibbi yardım göstərilib, hazırda hər ikisinin vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin versiyaya görə, “Mercedes”in sürücüsü avtomobili sərxoş vəziyyətdə idarə edib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Free Traffic Exchange