Vaşinqton Avropadakı hərbi iştirakını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. APA TV-nin "The New York Times"a istinadən məlumatına görə, Birləşmiş Ştatların Avropadakı hərbi kontingentin gücləndirilməsi üçün 3,4 milyard ayrılması ilə bağlı planı məlum olub.
ABŞ-ın bu addımı Moskvaya xəbərdarlıq siqnalı olsun deyə atdığı iddia edilir. Dövlət Departamentindəki mənbəyə istinad edən bildirilir ki, sözü gedən məbləğin əhəmiyyətli hissəsinin Mərkəzi və Şərqi Avropa ölkələrində iri həcmli silahların və zirehli texnikanın yerləşdirilməsinə yönəldilməsi planlaşdırılır. Həmçinin o da qeyd olunur ki, Vaşinqton sözü gedən məbləği 2017-ci ildə ayırmağı düşünür ki, bu da hazırda 789 milyon dollarlıq ayırmaları bir neçə dəfə üstələyir.
Yerləşdiriləcək silah-sursat və avadanlığının Amerika və NATO-nun Avropadakı qüvvələri tərəfindən müştərək şəkildə istifadə edəcəkləri nəzərdə tutulur.
"Bu, Avropada təhlükəsizlik sahəsindəki dəyişikliklərə uzunmüddətli, adekvat reaksiyadır. Bu həm də regionda Rusiyanın sərbəst şəkildə hərəkətini mürəkkəbləşdirəcək", - deyə mənbə bildirib.
Silahlı qüvvələrin yerləşdiriləcəyi ölkələrin adları da açıqlanıb. Qeyd olunur ki, Birləşmiş Ştatların hərbçiləri və hərbi texnikası Macarıstan, Rumıniya və Baltikyanı ölkələrdə cəmləşdiriləcək. Pentaqondakı mənbənin açıqlamasına görə, Moskvanın NATO-nun üzvü olan, əsasən Şərqi Avropa regionunda yerləşən və Rusiya ilə qonşuluq amilindən narahatlıq duyan ölkələri qorumaq üçün bütün mümkün vasitələrə əl atacağını anlaması çox önəmlidir.
"Sözü gedən büdcəni təsdiq etməklə, biz alyans ölkələrinin kollektiv müdafiəsi ilə bağlı NATO qarşısında götürmüş olduğumuz öhdəliyi yerinə yetirəcəyik", - deyə, qeyd olunur.
Administrasiya nümayəndələri yeni hərbi investisiyaların yalnız Rusiyanın ram edilməsi ilə yönəlmədiyini bəyan edir. Silah və avadanlığın NATO-nun İŞİD-ə qarşı mübarizədə rol oynaya biləcəyi cənub sərhədlərinə doğru yerləşdirilməsi ehtimalı da var.
Bu arada Birləşmiş Ştatların müdafiə naziri Eşton Karterin Vaşinqtonda, iqtisadi klubun üzvləri qarşısında çıxış edəcəyi gözlənilir. Çıxışı zamanı Pentaqon rəhbəri Vaşinqtonun əsas prioritetlərini açıqlayacaq. Həmçinin müdafiə nazirinin İŞİD-ə qarşı mübarizəyə yönəldilən vəsaitin artırılması niyyətindən, eləcə də Ukraynadakı hərbi münaqişədən narahatlıq keçirən Avropalı tərəfdaşların bu narahatlığına son qoyulması, o cümlədən Birləşmiş Ştatların Çin və Rusiya üzərində hərbi üstünlüyünü saxlaması yollarından da bəhs edəcəyi gözlənilir.
Ümumilikdə, Obama Administrasiyası 2016-cı ilin oktyabr ayından başlayacaq 2017-ci maliyyə ilinin büdcə layihəsini fevralın 9-da təqdim etməyi planlaşdırır. Reuters-in xəbərinə görə 2017-ci maliyyə ilində Pentaqonun büdcəsində İŞİD-lə mübarizə məqsədləri üçün 7 milyard dollar vəsait nəzərdə tutulur ki, bu da hazırkı ildə ayrılan məbləğdən 35 faiz çoxdur. Birləşmiş Ştatların növbəti il üçün nəzərdə tutduğu büdcə layihəsinin məbləği isə 583 milyard dollar təşkil edir.