Türkiyənin Düzcə bölgəsində amansızlıqla qətlə yetirilən üç azərbaycanlının cənazəsi Marneuliyə gətirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki gün bundan əvvəl qətlə yetirilənlərdən biri - 19 yaşlı Sahib Şərifovun anası və qohumları Düzcə bölgəsinə yola düşüblər və cənazələr Gürcüstanın Türkiyədəki konsulluğunun köməyi ilə Marneuliyə gətirilib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, başı kəsilən qadınlardan biri Türkiyə vətəndaşlığını qəbul edib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilmir. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə hadisə ilə bağlı onlara rəsmi şəkildə müraciət olunmadığını bildirib.
Bununla belə, Marneulidə hadisə ilə əlaqədar bir neçə versiyalar dolaşır. Lakin bu versiyalar da aidiyyəti təşkilatlar tərəfindən hələlik təsdiqini tapmayıb. Bəzi məlumatlara görə, cinayət evdə saxlanılan qızıl üstündə törədilib. Türkiyədəki mənbələr isə APA TV-yə bildiriblər ki, qətlin namus üstündə törədilməsi versiyası da araşdırılır.
Xatırladaq ki, Gürcüstan vətəndaşları - 52 yaşlı Ema Şərifova, 46 yaşlı bacısı Elnaz Şərifova və 19 yaşlı nəvəsi Sahib Şərifovun meyitləri yaşadıqları evdən tapılıb. İki bacı və gəncdən üç gün xəbər olmayıb. Türkiyə vətəndaşı Sərvət Öztürk 1 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Ema Şərifovadan xəbər çıxmadığı üçün evə gedib. Lakin qapını açan olmayıb. Sərvət Öztürk qapını sındıraraq içəri girib. O, bir otaqda Ema və Elnaz Şərifova bacılarının, başqa bir otaqda isə Sahib Şərifovun meyitlərini aşkarlayıb. Məlum olub ki, Ema Şərifova və nəvəsinin boğazı kəsilib, Elnaz Şərifova isə boğularaq öldürülüb.
İki bacı və 19 yaşlı gənc bu gün Marneulidə torpağa tapşırılacaq.