Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, görüşdə Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, sahibkarlar və şəhər aktivləri iştirak ediblər.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək, son illər şəhərdə müxtəlif sahələrdə, o cümlədən turizm sektorunda gedən inkişafdan, aparılan quruculuq işlərindən danışıb.
Daha sonra çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, müxtəlif sahələri əhatə edən irimiqyaslı layihələr həyata keçirilib. Nazir bu layihələr sırasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəblərin tikintisini, infrastruktur layihələrin həyata keçirilməsini qeyd edib, bu layihələrin vətəndaşların rifahına xidmət etdiyini vurğulayıb.
Nazir son vaxtlar dünya bazarında xam neftin qiymətinin düşməsinin digər neft ölkələri kimi Azərbaycanın iqtisadiyyatına da təsirsiz ötüşmədiyini qeyd edərək, prezident İlham Əliyevin son vaxtlar imzaladığı fərman və sərəncamlara diqqət çəkib:
“Keçən ilin son aylarından bu günə kimi imzalanan fərman və sərəncamlar onu göstərdi ki, hökumətin atdığı addımlar, cənab prezidentin iqtisadiyyat sahəsində bu böhrandan ən asan yollarla çıxış sahəsində göstərdiyi səylər verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar qəbul olunan qanunlar və edilən dəyişikliklər onu göstərir ki, biz düz yoldayıq. Hec də uzaq olmayan bir gələcəkdə bütün bu məsələlər iqtisadiyyatımızda, əhalimizin həyat tərzində öz mühüm və müsbət yerini tapacaq”.
Son illər ölkədə həyata keçirilən sosial-iqtisadi layihələrdən, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, sahibkarlığa göstərilən dövlət qayğısından danışan nazir Kəmaləddin Heydərov bildirib ki, bölgələrdə keçirilən görüşlərin məqsədi də məhz prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə vəziyyətlə, əhalinin yaşayış səviyyəsi ilə daha yaxından tanış olmaq, problemləri, yerli iş adamlarının üzləşdikləri çətinlikləri öyrənib, onların həlli istiqamətində addımlar atmaqdır.
Görüşdə çıxış edənlər Naftalan şəhərində turizmin inkişafı, bölgəyə daha çox turistin cəlb olunması, rayon əhalisinin və qonaqların ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması üçün yeni təsərrüfatların yaradılması, Naftalanda yeni müəssisələrin açılması və digər məsələlərlə bağlı təkliflər irəli sürüblər.