Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib

2016-01-29 2

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Hacıqabulda vətəndaşları qəbul edib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Kərəm Həsənov qəbul zamanı Hacıqabul, Şirvan, Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlərin əksəriyyəti daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib.

Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri qəbulda komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunu təmin etmək məqsədilə sosial yönümlü tədbirlərin artırıldığını nəzərə çatdırıb.

Kərəm Həsənov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan özəlləşdirmə sahəsində geniş təcrübə qazanılıb: "Bir sıra strateji müəssisələr də özəlləşdirilib. Bunlara “Azərcell” və “Bakcell” BM-dəki dövlət paylarının, ölkənin ikinci ən böyük bankı olan “Kapital Bankın”, iri sənaye müəssisələrdən Qaradağ Sement, iri şərabçılıq müəssisələri, quşçuluq fabrikləri, mehmanxana komplekslərinin və digər iri müəssisələrin özəlləşdirilməsini misal göstərmək olar. Özəlləşdirmə nəticəsində dövlət büdcəsinə 1 milyard manata yaxın vəsait ödənilib. Özəlləşdirilmiş müəssisələrə 1 milyard manatdan çox investisiya qoyulub. Özəlləşdirmə prosesində 26 milyon ədəd özəlləşdirmə çekinin, 12 milyona yaxın özəlləşdirmə opsionunun silinməsi təmin edilib.

Hazırkı mərhələdə özəlləşdirmə prosesində dövlət əmlakının dünya praktikasında daha çox tətbiq edilən və beynəlxalq standartlara uyğun bazar üsulu ilə qiymətləndirilməsi təklifləri hazırlanıb. Özəlləşdirmə prosesində daha rasional və optimal üsulların tətbiqi və bu üsullara yenidən baxılması da nəzərdən keçirilir. Əsasən investisiya müsabiqələri yolu ilə özəlləşdirmə üsuluna üstünlük veriləcək. Burada hər bir müəssisəyə fərdi yanaşmaların tətbiq edilməsi nəzərdə tutulur. Özəlləşdiriləcək müəssisələr üzrə investisiya layihələri, açılacaq iş yerləri, habelə müəssisənin iqtisadi fəaliyyəti ilə bağlı xarici investorlara təkliflər veriləcək.

Dövlət başçımızın qeyd etdiyi kimi, özəlləşdirmə prosesi daha şəffaf olmalı, dövlətin maraqlarını təmin etməlidir. Bu məqsədlə, effektiv tədbirlər nəzərdə tutulur, aktiv ictimai məlumatlandırma təmin ediləcək. Yerli və xarici investorların cəlbi ilə bağlı investisiya yarmarkalarının təşkili məsələləri nəzərdən keçirilir".

Free Traffic Exchange