Ekologiya və təbii sərvətlər naziri Saatlıda vətəndaşları qəbul edib

2016-01-29 11

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Saatlı şəhərində vətəndaşları qəbul edib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Rayon Gənclər Mərkəzində keçirilən qəbulda Saatlı, Sabirabad, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak edib.

Görüş zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-a qədər vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa müddət ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Eyni zamanda vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, digər müraciətlər araşdırılmaq üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Nazir Hüseyn Bağırov jurnalistlərə açıqlamasında qeyd edib ki, Beynəlxalq Ekoloji Fəaliyyətinə görə reytinq cədvəlində 111-ci olan Azərbaycan 31-ci yerə yüksəlib: "Ümumi reytinqdə 111-ci yerdə idik. Amma 2016-cı il yanvar ayı Kolumbiya və Yel universitetlərinin çap olunan cədvəlində Azərbaycanın Beynəlxalq Ekoloji Fəaliyyət reytinqi dünyada 180 ölkə arasında 31-ci yerə yüksəlib. Şərqi Asiya və Mərkəzi Avropa qrupu içində Xorvatiyadan sonra ikincidir, MDB məkanında isə birinci yerdədir. Həm də görülən işlər nəticəsində biz reytinq cədvəlində Almaniya, Belçika, Niderland və İsraillə qonşuyuq".