Rusiyada azərbaycanlı iş adamının evi yandırıldı

2016-01-29 22

Rusiyanın Ulyanovsk vilayətində azərbaycanlının ailəsinə qarşı qəddar cinayət törədilib.

APA TV-nin Rusiya bürosunun məlumatına görə, yanvarın 27-də Ulyanovskda 45 yaşlı şəxs azərbaycanlı iş adamının evinə "molotov kokteyli" atıb. Nəticədə evdə olan 2 yaşlı körpə uşaq üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb.

Evinə "molotov kokteyli" atılan Pərviz Hüseynov APA-nın Rusiya bürosuna açıqlamasında hadisənin təfərrüatları barədə danışıb. O, 2014-cü ildə "Rosdenqi" kredit təşkilatından 4000 rubl borc aldığını, bunun müqabilində 24 min rubl ödədiyini söyləyib: "Təşkilatın kollektoru bu məbləğin az olduğunu iddia edərək, onlara daha 40 min rubl borclu olduğumu söylədi. Bu məbləğin götürdüyüm borcun faizi olduğunu bildirdi. Bununla bağlı bir neçə dəfə polisə müraciət də etdim. Lakin heç bir nəticə olmadı. Yeni il qabağı onlar mənim evimin şüşəsini kərpiclə sındırdılar və içəri bildiriş atdılar. Həmin bildirişdə əgər 40 min rublu qaytarmasam, beş gün ərzində evimi yandıracaqlarını yazmışdılar".

Pərviz Hüseynovun ailəsinə Ulyanovskdakı Azərbaycan diasporu yardım göstərib. Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk vilayəti üzrə regional bölməsinin rəhbəri İslam Hüseynov APA-ya açıqlamasında Hüseynov ailəsinə mümkün yardımı edəcəyini söyləyib.