Türkməndağı tamamilə Suriya ordusunun nəzarətinə keçdi

2016-01-25 11

Suriyanın Bayır-Bucaq bölgəsində Əsədə qarşı döyüşən müxaliflər məğlub olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkməndağı bölgəsində türkmənlərin və müxalif qüvvələrin son məntəqəsi olan Rabia qəsəbəsi Əsəd qoşunlarının nəzarətinə keçib. Rusiya “Su-24” təyyarəsinin pilotunu vuran Alparslan Çeliki axtarır.

Rabianın ələ keçirilməsi Rusiya aviasiyasının havadan dəstəyi ilə baş tutub. Suriya Ordusundan verilən açıqlamada, içində Rabianın da olduğu 17 yaşayış məntəqəsinin yenidən nəzarətə alındığı qeyd olunur. Rejim ordusu Rabianı şimal, cənub və qərbdən mühasirəyə almışdı.

Rabia 2012-ci ildən əsası türkmənlərdən ibarət olan müxaliflərin əlində idi. Suriya üzrə mütəxəssis Fabrik Balanş bildirib ki, Rabianın tutulması ilə Suriya ordusu müxaliflərin Lazkiyə istiqamətində hücumlarını blok edəcək, müxaliflərin hava limanına raket zərbəsinin qarşısı alınacaq.

Rabianın alınmasında əsas güclərdən olan Rusiya isə Türkiyənin vurduğu təyyarənin paraşütlə düşən pilotunu vuran Alparslan Çeliki axtarır. Onun və rəhbərlik etdiyi döyüşçü qrupunun Türkmən dağında, Rabiada olduğu güman olunur.

MHP-dən Keban bələdiyyə sədri Ramazan Çelikin oğlu, Türkiyə vətəndaşı Alparslan Çelik 2014-cü ildə əvvəlcə İraqa gedərək türkmənlərlə birlikdə İŞİD-ə qarşı döyüşüb. Daha sonra Suriyaya keçərək Bayır-Bucaqda türkmənlərin cəbhəsinə qatılaraq diviziya komandanı vəzifəsinə qədər yüksəlib. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 14 dekabr 2015-ci ildə açıqlama verərək bildirmişdi ki, rus pilota atəş açaraq öldürən şəxs 33 yaşlı Türkiyə vətəndaşı Alparslan Çelikdir.